Qarşıdan qış fəsli gəlir. “Dəmir at”ımızı qışa necə hazırlayaq ki, yollarda sürprizlərlə rastlaşmayaq?
Milli.Az xəbər verir ki, Day.Az saytı məsələ ilə bağlı mütəxəssis rəyini öyrənib. “Performance Center”in texniki məsləhətçisi Elçin Abbasov saytın əməkdaşı ilə söhbətində bildirib ki, qış fəslində avtomobilin təhlükəsizliyi və rahatlığı üçün bir sıra tədbirlər görmək lazımdır.
Onun sözlərinə görə, təhlükəsizlik deyərkən ilk öncə sürücünün görməsini rahatlaşdıran tədbirlərdir. Bunun üçün şüşə təmizləyicilərini, güzgü qızdırıcılarını və salonun istilik sistemini qaydaya salmaq lazımdır. Soyuq vaxtlarda şüşətəmizləyənləri xüsusi maye ilə yumaq lazımdır. Bəzən sürücülər bu mayeləri şüşə yumaq üçün vasitələrlə səhv salırlar. Amma bu vasitələr də donur, nəticədə sistem sıradan çıxa bilər.
Qış fəslinə hazırlıq tədbirlərindən biri də mühərrikin soyuducu mayesinin keyfiyyətinin yoxlanılmasıdır. Növündən asılı olaraq bu mayelərin istifadə müddəti 2-5 il təşkil edir. Zamanla həmin maye öz keyfiyyətini itirir.
Soyuq havalarda istehsalçının icazə verdiyi daha qatı mühərrik yağlarından istifadə tövsiyyə olunur. Mühərrikin işə düşməsinin rahatlığı bu sistemin işindən də asılıdır. Akkumulyatorları və klemmaları yoxlamaq lazımdır.
Yağışlı havalarda avtomobilin təkərlərinin də saz olması önəm kəsb edir. Burada ilk növbədə protektorların dərinliyi nəzərdə tutulur. Rezin təkərlər də zamanla öz keyfiyyətini itirir. Təkərlərin istifadə müddəti 6 il təşkil edir. Bu müddət başa çatdıqdan sonra hətta görkəmi mükəmməl olsa belə, təkərləri mütəq dəyişmək lazımdır.
Havanın hərarəti 7 dərəcədən aşağı düşdükdə qış təkərlərindən istifadə etmək tələb olunur. Təkərlərdəki havanın təzyiqinə qarşı da diqqətli olmaq azımdır.
Elçin Abbasov sürücülərə məsləhət görür ki, sürücülər avtomobildə qarı təmizləmək üçün şotka saxlasınlar.Avtomobildə dərman qutusu və yanğın söndürən vasitə də mütləq olmalıdır.Qışa hazırlığın önəmli elementlərindən biri də hərəkət edən hissələrin diaqnostikasıdır.